Yeni nəslin mediası və ya ANTV
Yeni nəslin mediası və ya ANTV
Son vaxtlarda internet üzərindən paylaşılan video görüntülərin ANTV olraq markalanması diqqət cəlb edir. Nədir axı ANTV və nə zaman yarandı bu ideya və məqsəd nədir?
2007-ci ilin aprel ayında ilk dəfə AN (Alumny Network) gənclər şəbəkəsinin qurucularından olan Emin Milli Almaniyada təşkil edilmiş azərbaycanlı gənclərin forumu ərəfəsində youtube-da video yerləşdirərək “İndi, bu anda ANTV-nin ilk verilişi efirə çıxır” sözləri ilə Azərbaycanda ilk mobil TV kanalının yarandığını bəyan edir:
Açıqlaması Azerbaijan Network Television olan ANTV –nin yaranmasında məqsəd internetin verdiyi imkanlardan istifadə edərək cəmiyyət, xüsusən də gənclər arasında azad düçüncənin, fikir müxtəlifliyi və azadlığı mədəniyyətinin formalaşdırılmasına xidmət etmək, maarifləndirmə idi. ANTV bir növ Azərbaycan mediasına alternativ olaraq ortaya çıxmış ideyadır. Hər kəs üzərində daşıdığı mobil telefonundan istifadə etməklə onu narahat edən və maraqlı bildiyi mövzü ətrafında qısa film hazırlaya, istədiyi hadisəni videoya almaqla internetdə yerləşdirə bilər və bununla da ANTV-nin jurnalistinə çevrilə bilərdi. Nəticədə bu, informasiya darlığının aradan qalxmasına və gənclərin şəbəkələşməsinə xidmət edəcəkdi. ANTV-nin loqosu olan qırmızı halqa isə şəbəkənin rəmzidir.
ANTV-nin ilk verilişi yayımlandıqdan sonra müxtəlif fərqli yanaşmalar doğuran bir neçə videolar da hazırlandı. Bu ideya sadəcə Azərbaycanda qalmadı, Avropanın bir sıra başqa bölgələrində yaşayan azərbaycanlılar da ANTV üçün video verilişlər hazırlamağa başladılar. Xüsusən Strasburq, Berlin və Londonda. ANTV London isə 2007-ci ili avqustunda yarandı. İlk veriliş Lononun St James parkında networking toplantı edən azərbaycanlı gənclərin müzakirəsindən hazırlanmış video idi. Ardınca isə Londonda azərbaycanlı icmanın, azərbaycanlı gənclərin həyata keçirdiyi tədbir və layihələr haqqında hazırlanan ANTV verilişləri xeyli populyar olmağa başladı. Xüsusilə isə Azərbaycanlı Gənclər Klubunun layihəsi olan “Do you know Azerbaijan?” sosioloji sorğusunun video versiyası.
ANTV üçün yeni yaradılmış internet saytında isə böyük bir layihəyə çevrilməkdə olan bu ideya haqqında belə yazılır: “ANTV - Cənubi Qafqazda vətəndaş jurnalistikasının ilk layihəsidir. İnternetin inkişafı hər bir vətəndaşın məlumatı axtarmaq və yaymaq imkanlarını artırır, hadisələrin təhlilini asanlaşdırır. Əksər hallarda dünya bizə qapalı qrupların, peşəkar jurnalistlərin süzgəcindən keçirilmiş mövzular, xəbərlər və baxışlar şəklində təqdim olunur. Rəsmi və peşəkar ünsiyyət natamam, iştiraksız və duyğusuz olur. Vətəndaş jurnalistikası birbaşa, iştiraklı və səmimi məlumatlaşma imkanı yaradır. Məlumat azadlığı hər kəsin azadlığıdır! Hər kəsin deməyə nəyisə var.”
Hazırda ANTV sadəcə telefon kamerası ilə çəkilən videolardan ibarət deyil, həm də daha professional kameralar vasitəsilə çəkilmiş və daha professional şəkildə montaj edilmiş vedio proqramlardan ibarətdir. Bu azərbaycanlılardan ibarət gənclər şəbəkəsinin qurduğu və həmin şəbəkəyə xidmət edən, getdikcə genişlənən və böyüyən alternativ mediadır, yeni nəslin TV kanalıdır.



del.icio.us
Digg
Facebook
Technorati