Home | OrdanBurdan | Gürcüstanda yeni il

Gürcüstanda yeni il

image

Dizlərimə qədər zığın içində, Qırmızı körpü adlanan sərhəd qapısından Gürcüstana keçəndə düşündüm ki, biz, deyəsən, bu hakimiyyətin nəzərində insan yox, kərgədanıq. Tay mən demirəm ki, gürcülər kimi beton qarışıqlı hamar asfalt döşəyin ora. Cahanda ün salmış bu neft ölkəsinin, şeyx ölkəsinin dövlətin siması sayılan sərhəd qapısına bir-iki vedrə asfalt tökməyə vəsaitimi yox?
Var.
Əlbəttə var.
Amma Yeni il bayramını iqtisadiyyatı cıran Azərbaycanda yox, Gürcüstanda keçirmək arzusuna düşən 5 min vətəndaşımızın sərhəddən qəzasız-bəlasız keçməsini, allah götürərmi heç? Götürsə də, Azərbaycan hakimiyyəti götürməz. Ona görə də, ölkədən qaçan minlərlə adamın dalınca su tökmələrini gözləmək sadəlövhlük olardı.
Bu üzdən çamıra batırırlar bizi, timsah kimi bataqlıqda üzdürürlər.
Acıq çıxırlar.

 

Bunların dünya şöhrətli neft-qaz strategiyası, kövrək körpüləri, bərk gedən ÜDM-i – Qırmızı körpüdə sabun köpüyü tək pırt eləyib yox olur. Yəni Qırmızı körpü, çiçəklənən Azərbaycanda zurnanın zırt dediyi yerdir. Bu “zırt-pırtı” eşitmək və görmək üçün buyurun – ayaqlarınıza uzunboğaz çəkmələr keçirib, oralara bir baş çəkin.
Palçıqdan əngəlləri aşa-aşa, it kökündə addım atırıq Gürcüstan torpağına. Bu torpaq isə bizi şüşə kimi beton-asfalt örtüyü, pırıl-pırıl təmizliyi, gülərüzlü sərhədçiləri, nəzakətli gömrükçüləri, kompüterləşdirilmiş yoxlama sistemi və X-ray-la qarşılayır. Hər tərəfdə “Rüşvətin qadağan olduğuna və bu cinayəti işləyənə 7 illik həbs cəzasının veriləcəyinə” dair xəbərdarlıq plakatları. Bu da bəs eləmir – sərhəd məntəqəsini keçənlərə eyni xəbərdarlığı ehtiva edən lefletlər paylanılır. Yəni 21-ci əsrdə, azərbaycanlıları hər ehtimala qarşı maarifləndirməyə ehtiyac duyurlar. Adam xəcalətindən istəyir yer yarılsın, girsin yerin dibinə.
Bəli, bu il 5 min azərbaycanlı Yeni ili Tiflisdə, Qudauridə, Bakurianidə, Batumidə qarşılamağa qərar verdi. Bu tendensiyanın altında yatan səbəblər nələrdir? Təbii ki, Gürcüstandakı ucuzluq, yüksək səviyyəli servis, ən əsası isə bu ölkənin insanda Avropa təəssüratı oyadan aurası, atmosferi. Qulağımızın dibində Avropa varkən, Alp dağlarına dırmaşmağa nə hacət?
Indi də, 5 min turistimizin, orada minimum 500 dollar xərclədiyini təsəvvür edək (real rəqəm qat-qat böyükdür şübhəsiz). Iki milyon yarım pul alınır. Buyurun! Iki milyon yarım dollar axıdıldı Gürcüstan iqtisadiyyatına.
Çox da əla oldu.
Sevinirəm.
“Dilbər guşələrimizdə” qəsbkar, talançı, acgöz oliqarxların qurduğu “tətil mərkəzlərində” nazpərilərin zilə qalxdığı gic-gic şadlıq evlərində dünyanın parasını xərcləyib, onları daha da harınlatmaqdansa, Gürcüstanda bu pulun beşdə birini, özü də daha səmərəli xərcləmək qat-qat məntiqli deyilmi? Qoy pullarımız ora getsin. Gürcüstan çiçəklənsin, inkişaf etsin. Avropa Birliyi bayraqlarının hər addımbaşı dalğalandığı o ölkəyə halaldır bu pullar. Umud edirəm yay tətilində də vətəndaşlarımız Gürcüstana üz tutacaqlar. Özü də bu səfər 5 min yox, 50 minlik tərkiblə.
Yeni il gecəsi isə, Saakaşvili sadə, ağ gödəkçəsində çöldə, bir şam ağacının altında dayanıb, ağzından buğ çıxa-çıxa xalqa müraciət etdi. Bir çox mətləblərə toxundu – iqtisadiyyatdan, Avropaya inteqrasiyadan, liberal dəyərlərdən danışdı, “keçmişin qalıqlarından təmizlənməyə davam etməliyik” dedi. Saakaşvili çox səmimi idi – onun dilindən “Böhran bizə təsir etmədi” kimi hədyanlar duymadıq. Tam əksinə, “Problemlərimiz kifayət qədərdir” dedi, “amma biz onları inkar etmək əvəzinə çözməyə çalışırıq. Sizinlə birlikdə çözməyə çalışırıq. Istiqamətimiz Avropadır, Qərbin liberal dəyərləridir”.
Mümkündürmü bizim prezidentin dilindən belə işıqlı sözlər eşitmək?
Srağagün də biri mənə deyir ki, “Sən allah, gördüyünü görmüsən, daha yazıb-eləmə bu haqda. Gürcü kimdir ki, onun yanında alçalaq”.
Aha! Azərbaycanlı üçün vacib olan insanca yaşamaq deyil, imicdir. Halbuki imic heç nədir, “Sprite” hər şeydir. Bu işin Spraytı isə bizdən qat-qat kasıb Gürcüstanın, bizdən daha məğrur, azad və xoşbəxt olmasıdır. Gürcülərin başı dikdir, üzləri ağ, alınları açıqdır. Xəcalət çəkməli nələri var gürcülərin?
Səslərimi oğurlanır? QHT-lərimi qeydiyyata alınmır? Evləri-mülklərimi zorla əllərindən alınır? Dünyanın bu vaxtında qohum-əqrəbalarımı repressiyaya uğrayır? Jurnalistlərimi qətlə yetirilir, həbs olunur? Gənclərimi döyülüb qazamata salınır? Yol polislərimi rüşvət alır? Heç Gürcüstanda yol polisi də yoxdu axı. Patrul maşınlarıdı, onları da gün ərzində bir dəfə ya görər, ya görməzsən.
Əlqərəz, əli qələm tutan hər kəs, qonşuluğumuzdakı bu gözəl ölkəyə səfər etməli, sonra da qayıdıb gördüklərini, eşitdiklərini yazmalıdır. Bu da 800 min iş yeri deyil ki, sübuta ehtiyac duyaq, mif deyib inanmayaq. Gecə minirsən qatara, səhər Tiflisdəsən.
Hakimiyyəti cırnatmağın bircə yolu Gürcüstanı öyməkdir. “Iti görüm, qurdu görüm – Gürcüstanı görməyim” deyənlərin sifətlərinə çırpmaq lazımdır bu həqiqətləri.
Yeni ildə uğurlar!

 

By Alekper Aliyev

Sourced from AZADLIQ

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by Vivvo CMS v4.1.5.1