"Azadlıq" radiosunun Bakı bürosunun rəhbəri MTN-ə çağrılıb
“Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova aprelin 6-da Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb. X.İsmayılova “Media forum” saytına açıqlamasında deyib ki, MTN-ə nəyə görə çağırıldığını bilmir: “Hazırda bunu aydınlaşdırmağa çalışıram. Dəvət edən şəxs bir cinayət işinin nömrəsini dedi və əlavə etdi ki, şahid qismində dindiriləcəksiniz. Lakin bu iş nömrəsi mənə heç nə demir”.
X.İsmayılova “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətli faktı üzrə dindiriləcəyini istisna etməyib.
MTN-ə gedib-getməyəcəyinə gəlincə, X.İsmayılova bildirib ki, qəti qərar verməsə də, çağrışı qəbul etməyi düşünür: “Yəqin ki, gedəcəm. Bir qədər sonra MTN-də olmalıyam”.
Bundan əvvəl “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov, “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu MTN-ə çağırılıblar. Onlar “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətli barədə yazılarla bağlı ifadə veriblər. Hazırda həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin vəkili Elçin Sadıqov da MTN-ə çağırılıb, ancaq vəkil statusunu əsas gətirərək sualları cavablamaqdan imtina edib.
Sourced from DEYERLER



del.icio.us
Digg
Facebook
Technorati