Büdcədən imtina haqqında FASE baş katibinin qərarı
Mən, FASE-nin baş katibi, legitim İdarə Heyətinin olmaması səbəbindən və yeni İdarə Heyəti seçilənədək, aralıq sərəncamvermə orqanı qismində, bununla qərara alıram:
1. Yarısından çox hissəsinin eyni mənbədən əldə edildiyi və bu səbəbdən təşkilatın müstəqilliyinə xələl gətirə biləcəyi səbəbilə, FASE, özünün hazırki büdcəsinin istifadəsindən imtina edir;
2. FASE tam müstəqilliyini və tarazlı tərəfdaş spektrini təmin etmək məqsədilə müxtəlif mənbələr hesabına özünün yeni şaxələnmiş büdcəsini formalaşdıracaq;
3. FASE-nin bütün layihələri yeni büdcə formalaşanadək və/və ya yeni seçilən legitim İdarə Heyətinin bununla bağlı qərarınadək təxirə salınır.
Natiq Bayramov
FASE-nin baş katibi
FASE (Azərbaycanlı Tələbələrin Avropa Forumu) 2006-cı ildə Avropada təhsil almış bir qrup azərbaycanlı gəncin təşəbbüsü ilə qurulub. Avropadakı azərbaycanlı tələbələrin və gənc mütəxəssislərin geniş şəbəkəsini qurmaq və Azərbaycanın Avropaya inteqrasiyasına təkan vermək məqsədilə fəaliyyət göstərən FASE, Avropanın müxtəlif mərkəz şəhərlərində (Brüssel, Paris, Berlin, Afina, London) forumlar təşkil etmişdir. Sonuncu forum isə bu ilin mart ayında Brüsseldə, Avropa Parlamentinin binasında keçirilib.
FASE qurucularından olan Emin Milli dostu Adnan Hacızadə ilə birgə xuliqanlıqda ittiham edilərək həbs edilmişdir. Onlar həbslərinin sifarişli olduğunu düşünür və bu həm Azərbaycanda həm də ölkədən kənarda geniş etiraza səbəb olmuşdur. Müxtəlif beynəlxalq qurumlar gənclərin dərhal azad edilməsini tələb edirlər. Hazırda isə təşkilatın internet səhifəsi açılmır. FASE baş katibinin bildirdiyinə görə internet səhifə əngəllənib.



del.icio.us
Digg
Facebook
Technorati