Vaşinqtondakı AZAD Forumundan bəzi qeydlər
Vaşinqtonda, Con Hopkins universitetində AZAD(Azerbaijani Americans for Democracy - Azərbaycanlı Amerikalılar Demokratiya Naminə) təşkilatı Azərbaycanda demokratiya ilə bağlı Forum keçirdi.
Forumda ABŞ-ın keçmiş və indiki səlahiyyətli şəxsləri, insan hüquqları, demokratiya və söz azadlığı sahəsində çalışan beynəlxalq qurumların nümayəndələri ilə yanaşı, Azərbaycanlı gənclər və tələbələr də iştirak edirdilər.
Forumda C.Buş Administrasiyasında ABŞ Dövlət Katibinin müavini olmuş David Kramer açılış çıxışı etdi. Azərbaycandakı vəziyyətlə bağlı danışmağa başlamadan D.Kramer Qırğızıstanda baş verən hadisələr haqqında qısa fikir bildirdi. Kramer dedi ki, çoxları bu yaxınlara qədər deyirdi ki, Qırğızıstanda Bakiyevi kresloda ABŞ administrasiyası saxlayır, çünki, Qırğızıstan Manas hərbi bazasından istifadə üçün icazə verir. Çoxları bunu belə qələmə verirdi ki, Qırğızıstan ABŞ-ın təhlükəsizliyi üçün belə əhəmiyyətli bir hərbi bazadan istifadəyə icazə verdiyinə görə ABŞ Bakiyevi hakimiyyətdə qoruyub saxlayacaq. Amma bu olmadı...
David Kramer daha sonra ABŞ və Azərbaycanın dost olduğunu, lakin Azərbaycanın Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun ABŞ əleyhinə sərt çıxışlarının dost tərəfindən deyilmiş sözlər olmadığını, belə ifadələrin düzgün olmadığını qeyd etdi. Kramer bildirdi ki, ABŞ Azərbaycanın stabilləşməsi və iqtisadiyyatının dirçəlməsi üçün çox kömək edib, Azərbaycan da öz növbəsində İraqda, Əfqanıstandakı missiyalara öz töhvəsini verərək, enerji məsələlərində öz köməyini əsirgəməyib. Lakin, enerji və təhlükəsizlik məsələlərindəki bu əməkdaşlıq demokratiya sahəsində də görünməyəndə, bu tam dostluq olmur.
Daha sonra Kramer AXCP sədrinin Vaşinqton Post qəzetində çıxan yazısını auditoriyaya nümayiş etdirərək orada yazılanlarla razılaşdığını, enerji və təhlükəsizlik sahələrində olan əməkdaşlığın həm də demokratiya sahəsində olmasına çalışmağın vacibliyini bildirdi. "Biz bu üç sahədə əməkdaşlığın eyni səviyyədə olması üçün enerji, təhlükəsizlik sahələrində əməkdaşlığın səviyyəsini aşağı salıb demokratiya və insan hüquqları sahəsində əməkdaşlıq səviyyəsinə endirməməliyik. Biz, demokratiya sahəsində əməkdaşlığımızın səviyyəsini artıraraq digər iki sahədəki əməkdaşlıq səviyyəsinə çatdırmalıyıq"
Kramer Müsavat partiyasının son piketinin dərhal qarşısının alınmasına da münasibət bildirdi. O dedi ki, bəzən belə kiçik miqyaslı aksiyaların qarşısının alınması daha böyük miqyaslı aksiyalara səbəb olur. O bildirdi ki, təkcə Dövlət Departamenti tərəfindən yox, həm də digər qurumlardan, Pentaqondan, Enerji məsələlərindən məsul qurumlardan da eyni mesaj getməlidir ki, Azərbaycanla əməkdaşlığımızda enerji, təhlükəsizlik ilə demokratiya arasında mübadilə yox, balans olmalıdır.
Kramer həm də onu qeyd etdi ki, çox vaxt Azərbaycan rəsmiləri ABŞ administrasiyasını ittiham edirlər ki, ABŞ ikili standartla çalışır, Ermənistanda mitinqlərdə vətəndaşların güllələnməsinə, yaxud Gürcüstanda fövqəlada halın elan edilməsinə münasibət Azərbaycandakı insan hüquqları pozuntularına olan münasibətlə eyni deyil. O qeyd etdi ki, bəli, burada həqiqət payı var. Amma ABŞ-ın hərhansı bir ölkədə insan hüquqları pozuntularına az vəya çox, yumşaq vəya sərt reaksiya verməsi Azərbaycan hökümətinə əsas vermir ki, onlar öz ölkələrinin vətəndaşlarının hüquqlarını məhdudlaşdırsınlar, pozsunlar.
Azərbaycan hakimiyyətinin tez-tez Qarabağ kartından istifadə etməsi, mətbuat və söz azadlığını məhdudlaşdırmağı müharibə şəraiti ilə əlaqələndirilməsi barədə də Kramer dedi ki, əslində elə indi azad mətbuat, azad cəmiyyət olmalıdır ki, hökümətin Qarabağla verəcəyi qərarlar, atılan addımlar cəmiyyət tərəfindən verilən qərarlar olsun, bu qərarlara, addımlara cəmiyyət düzgün qiymət verə bilsin.
Daha sonra digər çıxışçılar Azərbaycanda söz azadlığı sahəsindəki problemlərdən, jurnalistlərin, redaktorların, bloqqerlərin həbsindən danışdılar. Riçmond Universitetinin Beynəlxalq Təhsil üzrə dekanı Dr. Uliana Gabara çıxışında bildirdi ki, o gənclik illərindən xatırlayır ki, Sovetlərdə xuliqanlıq ittihamı adətən saxta, siyasi ittihamlar üçün istifadə edilirdi. Gabara bildirdi ki, o indiyə qədər ABŞdakı heç bir PR şirkətinin Azərbaycan rəsmilərinə "xuliqanlıq" ifadəsindən və maddəsindən imtina edərək özünü sovet metodları ilə əlaqələndirməkdən çəkindirmədiyinə heyrətlənir.
Gabara həm də bildirdi ki, həbsdə olan Adnan Hacızadənin işi Riçmond Universitetinin müəllim və tələbə heyətinin diqqətindədir və onlar bu yaxınlarda URForAdnan( UR=Univeristy of Richmond=You Are) kampaniyasına başlayıblar.
Sonda AZAD təmsilçiləri bildirdilər ki, belə tədbirlərin sayı yaxın vaxtlarda artacaq və davamlı belə forumlar, görüşlər keçiriləcək.
Bəxtiyar Hacıyev



del.icio.us
Digg
Facebook
Technorati