Home | yAZAR | Müasir Azərbaycan gəncliyi; mahiyyət yoxsa prosedur?

Müasir Azərbaycan gəncliyi; mahiyyət yoxsa prosedur?

image Aynur Cəfərova

Bu günlərdə ictimai nəqliyyatda yenə ənənəvi söhbətin şahidi oldum. Bir-birini tanimayan iki yaşlı qadın iki dəqiqəyə tanış olaraq gənclərin qeybətini qırmağa, onların dövrünün gəncliyinin daha yaxşi olmasından danışmağa başladılar. Elə o andaca ürəyimdən bu haqda hiss etdiklərimi və düşündüklərimi yazmaq keçdi. Bu istəyi reallaşdırmaq qərarina gəldim.

Deyirler her bir ölkənin gələcəyinin parlaqlığı onun gəncliyindən asılıdır. Mən bu fikirlə yüzdə yüz raziyam. O zaman bu məntiqlə Azərbaycanın gələcəyini necə praqnozlaşdirmaq olar? Bu gün Azərbaycanda çox ağıllı, zəngin dunya görüşlü, ideallari həqiqət, ədalət, azadlıq və demokratiya üzərində qurulmuş bir gənclik yetişib. Bəli, qürur duyulası bir gənclik. Amma bu gənclik sadəcə mövcud gəncliyin sadəcə kiçicik bir faizidir, maksimum, 5-7 faizi. Üstəlik bu faizin özü belə, çoxlarını bu gün narahat edir ki, nəticədə həmin faizin hədəfə alındığının da şahidi oluruq. Yerdə qalan 93-95 faiz gənclər isə başqa dunyada yashayırlar, o dünyadan kənara çixmaq haqqinda isə heç düşünmürlər belə.

Bu günkü həmin o böyük faiz Azərbaycan gəncliyinin ən ciddi problemlərindən biri prosedurçuluq problemidir, mahiyyətə varmayan prosedurçuluq. Gəncliyin böyük əksəriyyəti bu gün hadisələrin mahiyyetinə varmır, özünün mahiyyətinə varmır, sadəcə görüntü ilə kifayətlənir. Bunu gündəlik həyatda da müşahidə etmək mümkündür. Məsələn, bunu Bakı küçələrində adi gözlə görürük. Şəhərə çıxdıqda ilk öncə gənc qızların narahat hündürdaban ayaqqabıları, rəngarəng makiyajları, təmtəraqlı saç düzümləri, gənc oğlanların burnu şiş ayaqqabıları, ütüsü şax şalvarları kimi nüanslar diqqətdən yayınmır (əslində bir zamanlar bunlar mənə də çox normal gəlirdi və hesab edirdim ki, belə də olmalidir. Yəqin ki, bunu normal qarşıladığım zamanlarda mən də prosedurçu imişəm). Bu gün Azərbaycanda bunlar tələblərdən doğan təkliflərdir . Əksər gənc qız və oğlanları daha çox bir-birinə cəlb edən şeylər onların ağılları, dünya görüşləri, maraqlarından çox, var-dövlət kontekstində xarici görünüşləri, geyimləri, aksesuarları, bahalı marka avtomobilləridir. Avtomobil demişkən, bu məsələyə ayrıaca paragraf ayırmağa dəyər.

Bu gün Bakı şəhərində ən çox istifadə olunan maşınlar böyük həcmli, bahalı markalı maşınlardır. Onların həcminin böyüklüyü tıxaclara, silindrinin böyüklüyü çox benzin xərcləməsinə, benzinin miqdari isə ekologiyanın daha çox korlanmasına səbəb olsa da, bu maşınlara üstünlük verilir. Xüsusilə gənc oğlanlar bu maşınların sürücüləridirlər (yox, qetiyyən düşünmüyin ki, məsuliyyəti sadece oğlanlara yükləmək fikrindəyəm, qızlar da eyni dərəcədə məsuliyyət daşiyirlar. Bu haqda aşağıda qeyd edəcəm). Ənəlxüsus hummer markanı hər dəfə görəndə ‘axı bu hərb maşınıdır, bunun Bakıda nə işi var’ deyə düşünürəm. Amma hummerin ABŞ-ın hərbi məqsədlə istehsal etdiyi avtomobil olması o maşını sürən azəri gəncin heç vecinə də deyil. Bəlkə də o heç həmin maşının o məqsədlə hazırlanmış olmasını bele bilmir. Onu maraqlandıran yeganə amil, yolların kənarında ona heyranlıqla ve ya həsrətlə tamaşa edən gözlərdir. Yenə də tələb və təklif məsələsi. Yadıma bu yerdə bir dostumun bir dəfə mənə danışmış olduğu və mənim də çox güldüyüm bir olmuş əhvalat düşür. Bir dəfə bir çayxanada bir neçə nəfər gənc əyleşibmş, digər bir tanışları da kafeyə daxil olur. Baxmayaraq ki, qış ve soyuqdur, qaqaş nazik futbolka geyinmiş olur. Ondan bəs paltosunun harda olduğunu soruşurlar, o isə ‘maşındadır’ deyə yüksək səslə cavab verir. Bu ucuz vasitə ilə maşınının olmasını ətrafına nümayiş etdirən gənc oğlançün mahiyyət, soyuqlaya biləcəyi ehtimalı önəmli deyilmiş yəqin ki, önəmli olan ətrafdakı 10-15 nəfərin onun maşını olmasını eşitməsi və bilməsi imiş.

Maşın indi aksesuardır, yoxsa minik vasitəsi sualında birinci qalib gelir. Bakida maşin indi aksesuardır. Ona əməllicə əmək sərf edirlər. Onu bəzeyib düzəyirlər. Təkərlərini zavod istehsalında nəzərdə tutulmamiş həddə, təxminən 50 sm yüksəyə qaldırırlar, şık disklər taxırlar, üstəlik əcaib siqnallarla bu gözəlliyə həm də ‘səsli ruh’ qatırlar. Siqnallar daha maraqlıdır, çünki o diqqəti daha bütövlüyü ilə cəlb edir. Bəzilərinin diqqətini cəlb edir, bəzilərinin isə əsəblerini tarıma çəkir. Məsələn, iki gün öncə səhər tezdən qardaşımla gedirdik. Bizim yanımızla gedən bir avtomobildə təxminən 17-18 yaşlarında olan bir qaqaş özünün gurultulu siqnalı ilə yanından keçdiyi bütün evlərin sakinlərini yüz faiz yuxudan oyatdı. Siqnal əvvəlcə gurultulu bomba və pulemyot səsləri çixarir, daha sonra isə ‘Bəyin oğurlanması’ filmindən epizodik səs qışqırmağa başlayır: ‘ələsger, ay ələsgər, ölmüsən? eeee nə ələsgər əlsəgər salmısan eee’. Təxminən on dəqiqə durmadan siqnalını işə salan və tərslikdən bizi müşaiyət etməkdən əl çəkməyən qaqaş nehayət ki, onsuz da dözümsüz qardaşımın səbr kasasını tamamən daşırdı və sonda o svetoforda maşının şüşəsini endirərək ‘cavan oğlansan, niyə millətin əsəblərinə səhər-səhər acı bibər doğrayırsan, heç ayıb deyil?!’ deməsindən sonra qulaqlarımız dincliyə qovuşdu. Güman ki, bu irad yerində idi, amma kifayət idimi, bilmirəm.

Daha önəmli olan tələbdir. Təklifi dəyişə biləcək teleb. Mənə görə, o bahalı avtomobilə sahib olan həmin gənc azərbaycanlı kişinin həmin bahalı avtomobildən savayı göstərib öyünə biləcəyi heç bir şeyi yoxdur. O nə ağıllı beyinə, nə dərin məntiqə, nə də zəngin dünya göruşünə sahibdir. Onunçün həyatin mənası bahalı restoranlardan, gözəl qızlardan və eyş-işrətdən ibarətdir. Bir vaxtlar Bakının küçələrində hər tərəfdən səslənən Hüseyin Dəryanın ‘keyf elə’ sözlərinə doğan maraq da məhz bu cılız istəkdən doğan əhval ruhiyyə idi. Bu səviyyəsiz sözlərə olan maraq çox məyus edirdi insanı. Amma ona tələb vardı. Təklif isə tələbdən doğduğundan, Dəryanı qınamırdım.

Bu cür yanaşan çoxlu azəri qızların olduğundan əminəm. Amma belə görünür ki, o çox, kifayət olmaq üçün yetərsay deyil. Bu gün, həmin bahalı maşın sahibləri olan oğlanlara düşünmədən ərə getmeyə hazır olan saysız hesabsız qızlar var bu ölkədə. Onlarçün maraqlı olan o oğlanın ağlı, maraqları və dünya görüşü deyil. Ən önəmli məsələ onun sahib olduğu bahalı marka avtomobil, heç olmasa iki otaqlı mənzil, ona alınacaq qır-qızıldır. Üstünə də həmin ‘üstünlüklərə’ sahib olan oğlanın hündür boyunu ve yaraşıqlı sir-sifətini gəlsək, tamamdır. İdeal xoşbəxtlik quşu özü qonub həmin xanımın başına. Bununla həmin gənc azəri qız ətrafındakı qor-qohuma, qonum-qonşuya hava atacaq, öyünərək o qısa müddətli havadan zövq alacaq. Bu üç-beş dəqiqəlik zövq onun çəkdiyi bütün əzabların, sevgisizliyin kompensasiyası ola bilecek qədər qüvvətli bir hissdir. Ən az, uşağının atası olacaq kişinin daxili aləmi onun heç vecinə də deyil. Başqa sözlə, onu mahiyyet maraqlandırmır, əsas olan görüntüdür.

Bu cılız ənənənin altında çox ciddi problemler dayanır. Ilk öncə bu insanların yaşadığı şəraitlə, əhatə olunduqları atmosferlə bağlıdır. Bu gün azəri gənci nəyin şahidi olur? Onun şahidi olur ki, kimin varı dövləti çoxdursa ona daha çox hörmət edirlər. İnsanları həmin var dövlətin mənbəyi yox, onun sadece varliği maraqlandırır. Hətta rüşvətlə, karrupsiya ilə mənimsənilən var dövlət belə, çoxlarını narahat etmir. Əsas odur ki, var var. Nəticədə hər kəs o cür varlı olmaq istəyir. Bu gün azəri gənci görür ki, onun yaşadığı cəmiyyətdə yaltaqlıq edən insanlar bu yaltaqlıq nəticəsində yüksək kürsülər qazanırlar, rahat və zəngin həyat yaşayırlar. Nəticədə ’nə var eee, onsuz da hamı yaltaqlanır daa, mən də yaltaqlanım’ ideyası yaranır. Üstəlik, atalarımızın bizə miras qoyduğu lazımsız ’palaza bürün ellə sürün’ misalı da bu yerdə düz-istiot rolunu oynayır. Deməli deyərlər dəyişir, ideallar dəyişir.

Əslində Azərbaycanda hər zaman müşahidə etdiyim bir hal var, yuxarıda qeyd etdiyim hal; yaşlı nəsil özündən daha gənc olan nəslin tərbiyəsindən hər zaman şikayətçidir. Mən bunu hər zaman eşitmişəm, orta məktəbdə, universitetdə, küçədə, ictimai nəqliyyatda və s. Zaman-zaman: “zəmanə korlanıb, gənclərin tərbiyəsi pisləşib, bizim zamanımızda belə deyildi” sözləri çoxlarəməzın qulağından yan keçməyib. Mənə bu yaxinlaradək elə gəlirdi ki, əslində bu normaldir. Əgər cəmiyyətdə proqres varsa o cəmiyyətdə nəsillər arasında konflikt olmalıdır və nəticədə yaşli nəsil gənc nəsildən gileylənməlidir. Amma indi elə düşünmürəm. Məncə hər nəsil özünə layiq nəsil yetişdirir. Əgər bu gün biz Azərbaycan gəncliyi tərbiyəsiziksə, deməli bizi yetişdirən nəsil də tərbiyəsizdir. Çünki bizi bizdən gileylənən həmin yaşli nəsil yetişdirib. Bu gün həmin yaşlı nəsil rüşvət də alır, rüşvət də verir və rüşvətə, korrupsiyaya, nepotizmə göz də yumur. Bunu edə-edə pis nümunə olması yetmirmiş kimi, ustelik gəncliyi ciddi qəbul etməyərək, onu böyüyən sözünə baxmaga çağırır, əks halda zərər çəkəcəyilə hədələyir. Bu hədə ilə böyüyən gənc, müstəqil olmur, o, çox vaxt öz ixtisasını belə özü seçmir, bunu onunçün seçirlər, öz həyat tərzini də özü seçmir, bunu onunçün müəyyənləşdirirlər, ən dəhşetlisi, öz ömür-gün yoldaşını belə onunçün təyin edirlər, lap sovet dövründəki universitet təyinatı kimi..Odur ki, çoxsaylı gənclər bu ölkədə müstəqil qərar verə bilmekdə, etirazını bildirə bilməkdə acizdir, sərbəst deyil, valideynindən, onun maliyyə bağlarından asılıdırlar. Nəticədə aciz və cır gəncliyə sahibik. Öz arvadını/ərini belə seçə bilməyən gənclik, sabah öz rəhbərini özü seçməyə qadir olacaqmı???

Aynur Cəfərova

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Powered by Vivvo CMS v4.1.5.1