Xalq qurbağadır
Əli S. Novruzov
Tənbəl olmaq hər kəsin haqqıdır - təbii ki, məsuliyyəti ilə. Kimsə səhər yuxudan tez qalxmasa yeməyini gec yeyəcək, dərsə getməyə könlü olmayan şagird isə jurnalda yağlı bir qayıb alacaq. Tənbəl olmaq o zamana qədər hər kəsin haqqıdır ki, belə tənbəlliyin nəticəsini ictimaiyyət çəkməsin.
Amma hər cəmiyyətdə elə insanlar var ki, onların tənbəlliyi cinayətdən pisdir. Bu nəinki özlərinə, hətta bütün cəmiyyətə baha başa gəlir. Söhbət ziyalılar və ümumilikdə əhalinin oxumuş, dünya görmüş hissəsindən gedir. Və çox təəssüf ki, Azərbaycanda bu insanlar kütləvi şəkildə tənbəlliklə məşğuldur - universitetdə dərs deyənlər və oranı bitirənlər, qəzet nəşr edənlər və onu oxuyanlar, kitab satanlar və kitab alanlar, və nəhayət internet istifadəçiləri belə!
Azərbaycan adlı məmləkətdə ictimai həyat demək olar ki, yoxdur - hər kəs ancaq öz evinin qapısından içərini düşünür. Cəmiyyətin anlayışı kimi, özü də abstraktdır. İctimai fikrin izi-tozunu da görən olmayıb, o ki qaldı ictimai qınaq ola.
Amma bu, hələ dərdin yarısıdır.
Dərdin ikinci yarısı odur ki, bütün bu passiv insanlar, Allahın tənbəl bəndələri öz gözlərində tiri görməyib başqalarının gözündə tük axtarırlar. Bu gün bir balaca mədəni vərdişlərə yiyələnən gənclər dərhal azərbaycanlıların bir xalq və fərd kimi mədəniyyətsizliyindən danışırlar. Özü nəsə bir kitab alan kimi dərhal camaatın genetik bibliofob və savadsız olmağından dəm vururlar. Və az qala bütün problemləri azərbaycanlıların barbarlığında görürlər.
Bir sözlə, bu xalq demokratiya, müasir respublika, insan hüquq və azadlıqlarına layiq deyil. Onun üçün hüquqi dövlət, azad bazar və liberal cəmiyyət yaratmaq olmaz!
Razıyam ki, xalqımız hətta qonşuları ilə müqayisədə götürəndə çox da qəzet-kitab oxuyan deyil. Hansısa səbəbdən onun sadə, savadsız nümayəndələrini Maykl Cekson, Freddi Merkuri yox, toyxanada eşitdikləri mahnılar cəlb edir. Onlar Arianna Haffingtonun bloq yazılarını yox, Röya haqqında son yenilikləri izləyirlər.
Amma üzr istəyirəm, biz nə vaxt bunları dəyişməyə cəhd etdik? Nə vaxt öz aldığımız savad və təhsilin onda birini insanlarımıza aşılamağa cəhd etdik? Nə zaman sadə insanların hansısa problemi ilə maraqlandıq?
Bakı sənaye şəhəridir, çirkli və zəhmət tələb edən istehsalın məskəni. Eləcə də Azərbaycan insanı çörək pulu qazanmaq üçün il boyu torpağını şumlayıb, sürülərini otarmalıdır. Bu ölkədə olan-qalan nə varsa hamısını bu savadsız və mədəniyyətsiz hesab etdiyimiz insanlar öz ağır zəhmətləri bahasına yaradıblar. Gündüzün ağır işindən və gecənin yorğunluğundan onların şəxsi mütaliəyə və ya məktəb getməyə vaxtı qalmayıb. Ancaq məhz onların sayəsində biz savadlı və mədəni gənclər varıq. Bu ölkənin hər bir ağılı öz mövcudluğuna görə onların əllərinin qabarına borcludur.
Və belə olan halda, tənbəllik edib onlara kömək göstərmək, vəziyyəti yaxşılığa dəyişmək əvəzinə xalqı söymək nə dərəcədə ədalətlidir? Bir onu deyə bilərəm ki, bu, ən rahat yoldur. Vicdanı yumaq üçün. Niyə mən nəsə etməliyəm ki? Onsuz da bunlar dəyişməyəcək. Ondansa gedim görüm Feysbukda yeni nə var.
İnsanlar müxtəlif olur, pis də var, yaxşısı da, vəhşi də var, mədənisi də. Ancaq əksəriyyət heç birindən deyil. Boris Akunin demişkən, xalq qurbağadır, ətrafın temperaturunu götürən məxluq. İqlim istidirsə, onlar da isti olacaq, soyuqdursa – onlar da soyuq. Elə etmək lazımdır ki, ölkəmizdə iqlim düzəlsin, insanları dəyişməyə nə var ki?
O ki qaldı, toyxana mahnılarına – bu xalq da əylənmək, bir anlığa problemlərini unutmaq istəyir, təəssüf ki, tarix boyu rastına çıxan elə bu mahnılar olub. Onların nə Maykl Ceksonun kasetini almağa artıq pulları olur, nə də sürətli internetləri ki, yükləyə bilsinlər. Nə də biz bir alternativ yaratmışıq onlar üçün. Tənbəl olduğumuzdan.
Araz qəzeti, London 2009 sentyabr



del.icio.us
Digg
Facebook
Technorati