Home | yAZAR | Elməddin

Elməddin

image

Cavan oğlan obyekt işlətməyə başlayıbsa, deməli o artıq kişidir.

(xalq təbabətindən)

Mikrorayonda bir çayxana var. Bakıdakı başqa çayxanlardan fərqlənmir. Divarlarından Sibelcanın, Mələkxanım Eyyubovanın, Ronaldinyonun rəngi solmuş şəkilləri asılıb. Elməddin orada işləyir. Bizimlə Elməddin arasında ən böyük problem ünsiyyət problemi idi. Elməddin azərbaycan dilini (ümumiyyətlə, heç bir dili) bilmir. Səslər çıxarır. Görməsəz inanmazsız, amma elməddin təzə işləməyə başlayanda cürbəcür nidalarla, iniltilərlə danışırdı. Düzdür, digər müştərilərlə elməddin çox tez dil tapdı.

Aradan 3 ay keçəndən sonra Elməddin dəyişdi. Dili bir az öyrəndi. Təzə paltarlar aldı. Adi ofisiantdan çayxana sahibinin sağ əli olmağa qədər yüksəldi. Əlinin altında işciləri var. Biri qadın, biri də cavan oğlandır. Qadında qadınlıq qalmayıb. Amma oğlan hələ dözümlü, ləyaqətlidir. Hava yaxşı olanda elməddin təzə paltarlarını geyinib çayxana ilə üzbəüz mağazalarda işləyən qızlara özünün teksunlu baxışlarını zilləyir. Əlbəttə, o qızlar nə qədər əldən ələ keçmiş olsalar da, nə qədər oğlan onların telefon nömrələrini bilsə də, hələ ki elməddin üçün  əlçatmaz arzudurlar. Amma son vaxtlar müşahidə eləmişəm ki, Elməddin qız tapıb. Çünki telefonda danışarkən yalnız azərbaycan gədələrinin qızla danışanda üzlərində peyda olan özündənrazılığın, səfehliyin və cındırlığın sintezindən ibarət ifadə elməddinin də, AzTV demişkən, çöhrəsini bəzəyir. Hətta keçən dəfə « sən belə danışıb məni incidirsən » sözlərini  eşidəndə Elməddinin qızla danışdığına tam əmin oldum.

Mən bunları niyə danışıram? Çünki Elməddinin 10 il sonrasını görürəm.

Əvvəllər bir plakat var idi. Heydər Əliyevin özü, oğlu və nəvəsi “yol böyüyün, su kiçiyin” prinsipi ilə bir-birlərinin ardınca gedirdilər. Şəklin altında yazılmışdı:’ Azərbaycanın düneni, bu günü, sabahı.” Nə qədər böyük yaradıcılıq uğuru olsa da, belə mürəkkəb kompozisiyaya ehtiyac yox idi. Elməddinin şəklini çəkib altında “azərbaycanın dünəni, bu günü, sabahı” sözlərini yazmaq kifayətdir. Heydər Əliyev və onun sülaləsi nə qədər qüdrətli olsa da, gəldi gedərdir. Amma “elməddin” və “elməddin”lər əbədidir. Dünən də, bu gün də, sabah da “elməddin“lərə məxsusdur.

Hər azərbaycan kişisinin daxilində bir “elməddin” oturub. Azərbaycan kişisi hara getsə, nə iş görsə, “elməddin” də onunla birlikdə addımlayacaq. “Elməddin”dən qaçmaq mümkün deyil. “Elməddin” qan yaddaşıdır.

“Elməddin” on il sonra obyekt işlədəcək. Alverə girişəcək. Toyota Prado sürəcək. Arvad döyəcək. “Elməddin”in evi, obyekti, işi, dostları, arvadı olacaq. Imkanından asılı olacaq obyektində işlətdiyi qızları, qadınları işdən sonra maşınında evə yola salacaq. Tez-tez o qızlar, qadınlar işdən evə gedəndə tıxaca düşüb gecikəcəklər…

Azərbaycanda bir ana narkoman, avara, qumarbaz, dahi riyaziyyatçı, böyük şair doğanda özünü bədbəxt hesab edir. Öz övladı ilə fərəhlənən valideynlərin böyük əksəriyyəti dünyanı “elməddin”lərlə zibilləyənlərdir. “Elməddin” itmir, ölmür və dəyişmir. Son nəticədə o yenidən “elməddin” formasında meydana çıxacaq.” ---3-cü qanunda belə deyilir. (Yenə də qapalı dövrə qanunu. Bu qanunun başqa adı “elməddin”in əbədiliyi qanunudur) Ətrafınızdakı insanlara baxın və ən xoşbəxt, həyatından razı insanların (nadir istisnaları çıxmaqla) “elməddin” istehsal edən valideynlər olduğunu görəcəksiz. “Elməddin” ancaq “elməddin” yarada bilər.

Amma bütün bunlara baxmayaraq “elməddin” ömrünün sonuna qədər “elməddin” olduğunu yadından çixara bilməyəcək. “Elməddin” bunu yaxşı bildiyinə görə heç vaxt özü ilə tək qala bilməyəcək, tək qalmaq istəməyəcək. “Elməddin” dostlarından, qohumlarından, ailəsindən ibarət bir qala yaradacaq. Milli adət-ənənələrlə o qalanı möhkəmləndirəcək. Tək qalmaq---“elməddin” olduğunu başa düşmək deməkdir. “Elməddin”lər tək qalanda var olmalarının nə qədər mənasız olduğunu çox aydın şəkildə dərk edirlər. “Elməddin”lər təklikdən qorxur. Ona görə də çayxanada bir stol arxasında 20 nəfər qara paltarlı “elməddin” çay içir, hamısı eyni vaxtda danışır. “Elməddin”lərin bütün həyatı “elməddin” olduğunu unutmaqdan ibarətdir. Toylardan tutmuş futbola proqnoz verməyə, nərd oynamağa qədər “elməddin”lər həyatlarındakı sonsuz unutma prosesinə vasitələr tapırlar. “Elməddin”lər üçün tək, özləriylə baş-başa qalmaq cəhənnəm əzabıdır. Qalstukun, ağ köynəyin,  bahalı kostyumun arxasında adam kimi danışmağı bacarmayan bir “elməddin” olmaları fikri onlara rahatlıq vermir.

Hər xalqın, dövrün və dövlətin öz “elməddin”ləri, öz “güldanə”ləri var.

Xalqların bədbəxtliyi “elməddin” olmağın normaya çevrildiyi zamanlara təsadüf edir.

Doktor Ravik

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
5.00
Powered by Vivvo CMS v4.1.5.1