Mağar sindromu / Yeni "Gəncə adəti "
Gəncədə yas mərasimləri zamanı günlərlə yolu bağlamaq adət şəklini alıb
Prospekt boyu şütüyən mikroavtobus gözlənilmədən sağa burulub dar küçəyə girdi. Bu zaman içəridəki sərnişinlər narazılıqlarını bildirdilər: «Həmişə prospektlə gedirdiz, indi niyə bu yolla çıxdınız? Ay qardaş, mən biraz qabaqda düşməliydim axı»
Sürücü, «Ay xala, 3 gündür yol bağlıdı, mağar qurublar. Məgər mənə xoşdur belə kələkötür, dağınıq yollarla getmək? » deyib, narazılıqla başını buladı.
Əsasən hüzr məclisləri üçün qurulan, mağarlar adlandırılan belə çadırlar şəhərin istənilən küçə və prospektində qarşınıza çıxacaq. Hələ lazım gələndə yolun qabağına bir kəndir bağlayıb, ağzı aşağı çevrilmiş qutu da qoyurlar ki, bu yol qapalıdır. Belə halda avtomobil sürücüləri yolların istiqamətini dəyişməyə, hətta birtərəfli yola əks istiqamətdə girməyə məcbur olurlar. Bu halların yolda qəza vəziyyəti yarada bilməsi, eləcədə Təcili Tibbi Yardım, Yanğından mühafizə əməkdaşlarının işinə nə dərəcədə mane olduğunu demək artıqdır.
«Adət- ənənəmizə görə heç nə deyə bilmirik, amma düzünü desəm, işimizə çox ğane olur. Gətirib mağarı qururlar yolun lap ortasında, keçmək mümkün olmur. Bizim işimiz tez və çevik olduğundan, müraciət daxil olan kimi, əməkdaşlarımız həmin ünvana yollanırlar, lakin çatmağa az qalmış yol bağlıdır, bir də məcbur olub başqa istiqamətdən getməli oluruq. Yolumuz uzanır, gecikirik, nəticədə xəstənin vəziyyəti daha da ağırlaşmış olur. Heç olmasa, yolun sol hissəsi boş olmalıdır ki, biz də işimizi görə bilək. Sonra bizi qınayırlar ki, çağırılan ünvana vaxtında gəlmirsiz» – deyən Təcili Tibbi Yardım stansiyasının baş həkimi Namiq Nəbiyev mağarların yolun ortasında qurulmasına, və yolların bağlanmasına qarşı öz gileyini bildirdi.
Şəhər Yanğından Mühafizə idarəsinin rəis müavini Rahib Nadirov da belə çadırların yolun ortasında qurulmasının onların da işində ciddi problemlər yaratdığını dedi.






«Bəzən hadisə mağar qurulan evin arxa tərəfində baş verir. Yol bağlı olduğundan məcburən digər ara küçələrə girməli oluruq. Bizim maşınlar böyük olduğundan belə dar küçələri keçmək çox çətindir. Gecikirik, bu da ərazinin və ya obyektin daha çox yanmasına səbəb olur. Bir sözlə, bu cür vəziyyət işimizdə çox əngəllər yaradır. Son zamanlar Regional Nəzarət idarəsi bu məsələdə bizə yardım etməyə çalışır, belə ki, hansı küçədə mağar qurulubsa və ya qazıntı işləri gedirsə, qabaqcadan o küçənlərin adını bizə bildirirlər.
«Yol qəzalarının 10 faizini elə bu mağarlar törədir»- söyləyən taksi sürücüsü İlqar da dərdini bölüşdü:
«Hətta əsas yolları da bağlayırlar, biz də məcbur oluruq ara küçələrlə getməyə, onlar da çox pis vəziyyətdədir, girib-çıxmaq olmur. Elə olur ki, birtərəfli yolu tamam kəsirlər, sürücü də məcbur olur həmin yola «protiv» girməyə. Bu da qəza ilə nəticələnə bilir. Hərəkəti kəsməklə yolumuzu xeyli uzatmış olurlar, elə yol olur ki, 3 dəfə uzanır, artıq yerə benzin işlədirik. Əlbəttə, mağar qurmaq olar, amma gərək yol tamam kəsilməsin, həmçinin onun arxasında nəsə bir «znak» da qoymaq lazımdır».
Başqa bir sürücü Ruzigar isə belə dedi:
«Qəribədir, bir yandan yol polisi qaydaların lap kiçicik pozulmasına qarşı sərt tədbirlər görür, digər yandan bütöv küçəni kəsərək bizim hərəkətimizi çətinləşdirən, yolumuzu hətta hərəkətin əks istiqamətində dəyişməyə vadar edən bu çadırların qurulmasına bir söz demir. Axı başa düşmək lazımdır ki, bu dünya durduqca hər gün ölən olacaq, deməli bu hal müvəqqəti deyil, daimidir».
Bu fikirlərə Gəncə Dövlət Yol Polisinin rəisi Fazil Cəfərovun münasibəti belə oldu:
«Birinci dəfə deyil ki, mağarlar həmişədən qurulub. Hüzr yeridir, mağar qurduqları yerdə, necə gedib deyək ki, sökün. Bununçün onlar İcra Hakimiyyətindən icazə alıb sonra yolu bağlayırlar».
İcra Hakimiyyətindən isə bizə, onların bu işlə məşğul olmadığını və bu haqda məlumatı Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyindən öyrənə biləcəyimizi söylədilər.
Birliyin rəisi Abid Əliyev bu işlərdən xəbərdar olduqlarını dedi:
« Yas mərasimlərinə aid küçlərdə quraşdırılmış mağarlara nəzarət həm şəhər Yol Polisinin həm də Mənzil Kommnal Təsərrüfat və İstehsalat Birliyinin səlahiyyətindədir. Amma açığı deyək ki, biz buna rəsmi müdaxilə edə bilmirik. Çünki bizim mentalitetimiz (Abid müəllim də indi çox dəbdə olan mentalitet məsələsinə toxunaraq küçələrdə hərəkətə bu qədər əngəllər yaradan mağar məsələsinə məhz bu baxımdan yanaşdı - Aytən) imkan vermir ki, mağarları dağıdaq. Biz ancaq yol polisi idarəsinin əmkdaşları ilə birgə böyük prospektlərdə olan mağarların kənara çəkilməsini tələb edirik».
Cümə məscidinin dini icmalar üzrə sədri Hacı Əlisəfdər Səfərfliyev mağarların yolun ortasında qurulmasının əlehinə olduğunu söylədi. Müsahibimiz onu da qeyd etdi ki, əvvəllər yas mərasimləri evdə kiçik məclis qurmaqla keçirilərdi. Lakin sonralar, 70-ci illərdən başlayaraq yas mərasimində iri mağarların qurulması bir adət halını aldı.
Həmsöhbətimiz yas mərəsimlərinin keçirilməsi işində dövlət orqanlarının məsələn, bu məqsədlə xüsusi yerlərin ayrılması kimi məsələlərdə xalqa yardımçı çıxış etməsinin arzu edilən olduğunu bildirdi, həmçinin yollarımızın da genişləndirilməsi haqda düşünməyin vaxtı çatdığını söylədi.
«Bu, ümumiyyətlə, dövlət səviyyəsində olan işdir. Memarlar bununla maraqlanmalıdır, əgər inkişafa doğru gediriksə, yollar niyə 4 metr olmalıdır? Maşınlar çox, yollar isə dardır. Ona görə də camaat məcbur olub yolu bağlayır.»
Belə görünür ki, bu səbəblərdən, həmçinin «milli mentalitetimizə» sadiqlik göstərərək hələ çox qəzalara, çox hadisələrə səbəb olan mağarların yolun mərkəzi hisəsini zəbt etməsinə göz yummuş olacağıq.
P. S. əvəzi 2 vətəndaşdan sitat: «25 ildir ki, mağar kirayəyə verirəm. «Bu illər ərzində kirayədə ən çox iki gün fasilə olub. Demək olar ki, başqa yerdə işləməyə ehtiyacım olmayıb».
«Mağarlarda vəfat edəni yada salmaqdan çox hamı öz iş-gücündən, siyasətdən, cürbəcür digər mövzulardan danışır, hətta zarafat da edir. Sonda da molladan «fatihə» xahiş edərək ciddi görkəm alıb salavat çevirir və tüstü dolu çadırı tərk edirlər.»
By Ayten
Sourced from Ganja Media Centre



del.icio.us
Digg
Facebook
Technorati