613
və yaxud Xocalı qurbanlarını yad edərkən
Yazı, Xocalı faciəsində amansızca qətlə yetirilən 613 azərbaycanlının qarşısında mənəvi hesabat xarakteri daşıyır..
Xocalıda edilən vəhşiliyi Azərbaycan və dünya ictimaiyyətinə çatdıran qəhraman jurnalist Çingiz Mustafayevin yanındakı əsgərə göz yaşları içində səslənərək qətlə yetirilmiş kiçikyaşlı qız uşağının üzünü qaldırmasını istəməsi bir çoxumuzun yaddaşına həkk olunub.
Əslində, bu kiçik video səhnəsi belə, Xocalıda törədilən bu cinayətin hansı qəddarlıqla edildiyini gözlər önünə sərir.
Xocalı soyqırımı ilə qaranlıq məqamlar da az deyil.
Rus ordusunun (keçmiş sovet ordusu) Xocalının işğalında zirehli texnikayla iştirakı
Xocalının dörd tərəfdən mühasirəyə alındığı halda, oradakı insanların həyatının qurtarılması üçün ciddi diplomatik danışıqların aparılmaması
və s. məsələlər hələdə qaranlıq olaraq qalır…
Nəticədə isə amansızca qətl edilən 106-sı qadın, 83-ü uşaq olan 613 nəfər…
613
Xocalı soyqırımı abidələri tikməklə yanaşı, bu rəqəmi də simvollaşdırmalıyıq.
Bundan sonra Xocalıyla bağlı keçiriləcək aksiyalarda 613 rəqəmini ön planda tutmaqla daha effektiv təsir bağışlamaq olar.
613 təbliğatı eyni zamanda internet saytlarında, müxtəlif portallarda da aparılmalıdır.
613 domen adlarıyla bağlı araşdırma edərkən 613.net, 613.com, 613.org saytlarının alındığını gördüm.
613.org saytı hazırda yəhudilərə məxsus dini bir sayt olaraq istifadə olunur.
Digər iki sayt isə satışa çıxarılıb.
Hazırda boş olan 613.az və 613.am saytlarını almağı düşünsəm də vaxt azlığı səbəbiylə saytlara lazımi diqqəti ayıra bilməyəcəyimi düşünərək bu işə daha çox vaxt sərf edəcək insanların öhdəliyinə buraxıram.
Eyni zamanda 613 rəqəmini simvollaşdırmaq üçün müxtəlif metodlardan da istifadə etmək mümkündür.
Bu işə könüllü yanaşan hər kəslə öz fikirlərimi bölüşəcəyimi, əlimdən gələn köməyi edəcəyimi bəribaşdan vurğulamaq istəyirəm.
Justice for Khojaly
Eyni siyasi mənsubiyyəti daşımasaq da başlatdığı “Xocalıya Ədalət” kampaniyası ilə bağlı ölkə prezidentinin qızı Leyla Əliyevanın səmimiyyətinə inanıram.
Çünki bu cür kampaniyanı başlatmaq, Azərbaycan kimi ölkənin prezidentinin qızı üçün heç bir əhəmiyyət kəsb etməyə də bilər.
Ən azından heç bir maddi çıxar güdmədən bu cür kampaniyanın başladılması, səviyyəli şəkildə aparılması təqdirəlayiq haldır.
Lakin bu kampaniyadan da öz maraqları üçün istifadə etməyə çalışan insanlar və təşkilatlar var…
Bu isə, öldürülən 613 nəfərə edilən ən böyük tərbiyəsizlikdi, vicdansızlıqdı…
İrəli İB-nin Aksiyaları
Xocalı faciəsinin ildönümüylə bağlı İrəli İctimai Birliyinin dəstəyi ilə Avropanın müxtəlif şəhərlərində aksiyaların keçirilməsi müsbət haldır.
Xaricdə yaşayan azərbaycanlıların Qarabağla bağlı məsələlərdə, o cümlədən Xocalı faciəsinin dünyaya tanıdılmasında fikir ayrılığını kənara qoyaraq bir yerdə hərəkət etməsinin tərəfdarıyam.
Bu baxımdan bu cür fəaliyyətlər bir mənalı olaraq dəstəklənməlidir.
İrəli İB-nin xaricdəki aksiyalara verdiyi dəstəklə yanaşı, ölkə daxilində də Xocalıyla bağlı genişmiqyaslı aksiyalar, tədbirlər keçirsəydi, bu fəaliyyət daha tamamlayıcı ola bilərdi…
Xocalı Repi
“Xocalıya Ədalət” kampaniyası çərçivəsində hazırlanan, amerikalı qadın reper Toni Blackman və Dəyirman qrupunun oxuduğu ingilis dilindəki repi də bəyəndim.
Video-klipdə bir neçə kiçik əksiklik gözümə çarpsa da ümumilikdə gözəl alınıb.
Klipin ssenarisi, mənim keçən il Ceyhun Osmanlıya verdiyim ssenariylə xeyli bənzərlik təşkil edir.
Maraq üçün qısa axtarış etsəm də klipin ssenarisinin kimə aid olduğuna dair məlumat tapa bilmədim…
Xocalıya verilən dəyər
Yaxın illərə qədər Azərbaycan hakimiyyətinin, Xocalıda baş verənlərə qarşı biganə qalmasını unutmaq mümkün deyil.
Son illərdə Xocalı faciəsinin tanıdılmasıyla bağlı ciddi işlər görülməyə başlasa da hələki yetərsizdir.
Ölkənin hər şəhərində, qəsəbəsində, kəndində qoyulan ümummilli liderin heykəllərinin yanında Xocalıyla bağlı abidələr nadir tapıntılar kateqoriyasına girir…
Keçən il Azərbaycanda olduğum müddətdə Xocalı qaçqınlarının əksəriyyətinin yaşadığı və Xocalı Rayon İcra Hakimiyyətinin yerləşdiyi yer olan, Goranboyun ermənilərlə sərhəd qəsəbəsi olan Ağcakəndə getmişdim.
Üzərindən illər keçsə də xocalıların həmin faciənin təsirindən qurtulmadığının şahidi oldum…
Xocalıyla bağlı “Soyqırım Muzeyi”nin yaradılmasının da vacib olduğunu düşünürəm.
Əgər bu ölkədə Xocalıyla bağlı qoyulan adi bir abidənin üzərində belə, sözlər düzgün yazılmırsa, Xocalı faciəsinə göstərilən lazımi diqqətdən danışmaq hələ tezdir..
Əgər bu ölkənin Milli Məclisi, Xocalıda baş verənləri soyqırım olaraq 15 il sonra qəbul edirsə, xaricilərdən bunu tələb etmək hələki əbəsdir..
və son olaraq
Xocalıdan və xocalılardan müxtəlif şəxslərin, qrupların öz maraqları üçün istifadə etməsi qəbul edilməzdir..
Bu heç bir vicdani normaya sığmır, vicdanı olan utanmalıdır, üzü qızarmalıdır..
Qızarmayan üzə verilən ən gözəl cavab tüpürməkdir…



del.icio.us
Digg
Facebook
Technorati