Home | yAZAR | Avropanın bütün paytaxt şəhərlərində forumlarımız davam edəcək! / FASE-dən FACE-ə

Avropanın bütün paytaxt şəhərlərində forumlarımız davam edəcək! / FASE-dən FACE-ə

image

Dostlar,

Bütün baş verənlər barədə ətraflı düşündüm və belə bir qərara gəldim. Ümid eləyirəm ki, niyyətimi sizə izah edə, səmimiyyətimə inandıra biləcəyəm. Ən başdan sizin qarşınızda olmuşam. Hər şeyi sizlə bölüşmüşəm və sizə güvənmişəm. Şəxsi suallara və şübhələrə belə aydınlıq gətirməyə çalışmışam. Amma qarşı tərəf bir dəfə də olsun sizin qarşınıza çıxıb nə istədiyini sizə deməyib. Xırda təfərrüatlar bir yana, heç hamını, hətta məni də maraqlandıran, niyə axı hökumətin verdiyi bu puldan belə dörd əlli yapışmısınız, axı FASE sizin nəyinizə lazımdır suallarına belə cavab verməyiblər. Ancaq FASE platformlarını mənim və onlar kimi düşünməyən hər kəsin üzünə bağlamaqla məşğuldurlar. Mən bu mübarizəyə ən başdan büdcədən (eyni zamanda maaşımdan), həmin büdcə hesabına alınan bütün maddi inventardan imtina eləməklə başladım. Mənə nə onların pulu, nə ofisi, nə möhürü, nə də logosu lazım deyil. Mənə heç FASE adı da lazım deyil. Mənə FASE ruhu lazımdır. Və mən bilirəm ki, o ruh məndə qalır, bizdə qalır.

Onlara isə öz şəxsi ambisiyalarını (hökumətdə vəzifə) reallaşdırmaq üçün hökumətin pulu və o pulu əldə saxlamağa xidmət edən möhür və logo lazımdır. Mən bu dəyərsiz şeylər üstündə mübarizə aparmıram və bunların hamısını onlara verirəm.

Avropada təhsil alan bütün tələbələrimizi və çalışan gənc peşəkarlarımızı bütün bu olanlardan düzgün nəticə çıxartmağa və onların heç bir tədbirində iştirak etməməyə çağırıram! Bəzi anlar var ki, seçim etmək qaçınılmaz olur. Alışdığınız həyat tərzinin bir az dəyişməsi ilə vicdanın səsi arasında seçim, stereotiplər, sizdən gözləntilər ilə ürəyinizin dərinliyində inandığınız dəyərlər arasında seçim. Və bu an o andır! Bu anlar həyatda çox olmur. Bir və ya bir neçə dəfə olur. Və bundan sonrakı həyatımız da, nə qədər həm özümüzü, həm də başqalarını aldatmağa çalışsaq da, məhz bu sınaq anında etdiyimiz seçimdən asılı olur. Mən sizi həqiqətin, ədalətin və ləyaqətin tərəfində olmağa çağırıram!

Bunu apardığımız mübarizəni dayandırmaq kimi yox, bu mübarizədə təmiz qələbəmiz kimi qiymətləndirin. Amma bunun, həm də daha böyük bir mübarizənin başlanğıcı olduğunu da nəzərə alın. Strazburq forumu olacaq! FASE-nin möhürü orada olmayacaq amma ruhu olacaq, coşqusu olacaq, səmimiyyəti olacaq. Divarda FASE yazılmasın, deyək ki, FACE yazılsın. Ən azı bir sifət (face) olarıq, tək bir sifət. ‘S’ kimi üstümüz bir tərəfə, altımız başqa tərəfə baxmaz, ‘C’ kimi hər tərəfimizlə bir tərəfə, bir məqsədə doğru baxarıq, ədalətə doğru, həqiqətə doğru, ləyaqətə doğru!

Strazburq forumundan sonra Avropanın bütün paytaxt şəhərlərində forumlarımız davam edəcək! Kasıbyana amma həqiqi, kiçik miqyaslı amma coşqulu və səmimi!

Mən sizi bu işlərə yalnız mənəvi dəstək verməyə deyil, həm də onların baş tutması üçün xırda da olsa öz töhvələrinizi verməyə çağırıram!

Səmimiyyətlə,
Natiq

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
5.00
Powered by Vivvo CMS v4.1.5.1