Home | yAZAR | Respublika günü və ayaqqabılarım...

Respublika günü və ayaqqabılarım...

image

28 may - Respublika günü, qeyri iş günü olduğundan bu gün işə getməmişəm. Yaşadığım küçə şəhərin mərkəzində yerləşir və elə bir neçə metr məsafədə - binanın küncündə bir qocaman ayaqqabı təmizləyən kişi (Azad kişi) insanlara hal-hazırda çalışdığı vəzifədə xidmət edir. İnsan axını isə hər dəfə yanından yuxarı və aşağı ötərək ona, birisi zavallı deyir, birisi deyir bu kişinin öz günahıdır ki, indi bu vəziyyətdədir, digəri isə insanların nədən ayaqqabını özləri deyil, ayaqqabı təmizləyən başmaqçı kişiyə bu işi etdirdiklərini başa düşmək istəyir. Əlbəttə ki, fikirlər insan zövqləri və istəkləri kimi tamamilə müxtəlif olur.

Əslində mən öz ayaqqabımı yaşadığım küçədə təmir işləri başa çatmadığına görə o qədər də dərindən təmizləmirəm. Azad kişinin xüsusi kremlərdən və təmizləyici materiallardan istifadə edərək ayaqqabını daha gözəl təmizlədiyinə görə, bu işin görulməsini çox vaxt ondan xahiş edirəm. İşə getmədiyim üçün bu dəfə idman paltarında idim və bütün iş ayaqqabılarımı bir torbada təmizlətmək üçün, Azad kişinin yanına gəldim. Azad kişi qəzet oxuyurdu, onun diqqətlə oxuduğu məqalədən ayırdığı üçün ondan üzr istədim və ondan yenə də gətirdiyim ayaqqabıları təmizləməyini xahiş etdim. Gözləyəcəyimi bildirib, yanında əyləşib onunla söhbət etməyə başladım...

Bu gün Respublika günü bayram olduğunun onun bilib bilmədiyini yoxlamaq üçün bu barədə ona məlumat verdim. Dedi bilirəm amma insanlardan nəsə bu hiss olunmur. Elə bil, bu çöldə bütün günü avara-avara gəzən cavanlarımız vicdansızlaşıblar. Deyir bəlkə də hamı belə deyil, ağıllı savadlı, dünya görüşlü,vicdanlı,əqidəli cavanlarımızın həqiqətən da kompyuter arxasında oturub müxtəlif dillərdə əldə etdikləri bilik və bacarıqlarının köməkliyi ilə faydalı işlə məşğuldurlar. Deyir yəqdin çöldə bütün günü gördüyüm avaralanan gənclərimiz bekarçılıqdan belə deqradasiyaya uğrayırlar. Respublika günü ilə əlaqədar danışan Azad kişi Azərbaycan Xalq Cumhuriyyəti dövründə hərbi nazir olmuş Səməd bəy Mehmandarovun yaşadığı evlə Lənkəranda ev qonşusu olduğunu bildirdi. O vaxtkı kişilərin nə qədər vicdanlı, əqidəli və saf olduqlarını bildirdi. Lənkəranın adını çəkəndə yerlibazlıqdan xoşunun gəlmədiyini bildirən kişi, Topçubaşovun nazir ola ola, atasından pul istəməyi kimi bilmədiyim bir çox nüansları mənə danışdı.

Bu qədər məlumat və biliyi olan ayaqqabı təmizləyən kişinin orta təhsili ilə məhdudlaşmasına şübhəm az olsa da, yenə də hər hansı bir ali təhsil yiyəsi olub olmadığını Azad müəllimdən soruşdum. Müəllim? Ayaqqabı təmizləyən? Elədir ki, var. Azad müəllim, o vaxtkı Politexnik indki Azərbaycan Texniki Universitetinin məzunu olduğunu və ixtisasca mühəndis konstruktor olduğunu mənə bildirdi. Gözlərimə inana bilmədim bir anlıq, sonra isə tam soyuqqanlı şəkildə bunu qəbul etdim. Əslində burada mənə təəccüblü bir şey yox idi, çünki indiyə kimi bir çox ali savad almış şəxslərin öz savad və biliklərinə layiq olmadıqları vəzifədə çalışdıqlarını eşidib, görmüşəm.

Öz növbəmdə hər ayaqqabının təmizlənməsinə görə Azad kişiyə 3 manat ödədim və dərin minnətdarlığımı bildirdim. Bəlkə də, hansısa müəllimə saatlarla oturub qulaq asmaq əvəzinə gəlib Azad kişinin yanında 10 dəq əyləşib onu dinləmək daha faydalıdır.

Bəlkə də bizlərə bahalı maşın, hansısa vəzifə və s. kimi şeylər böyük görsənə bilər və bir çoxları bununla qürurlanırlar. Lakin, unutmaq lazım deyil ki, elə əsl böyüklük vicdanın təmiz olması, əqidəli olmaq və həyatda Allaha şükr edib yaşamaq qabiliyyətidir. Hər adam vicdanlı ola bilmir. Hansısa amillər buna təsir edir. Allah hamını bu yola hidayət etsin! Bayramınız mübarək!

 

By Ramiz Babaev

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
5.00
Powered by Vivvo CMS v4.1.5.1