Biz nə üçün Eynullanı müdafiə edirik?
Azərbaycanda nə qədər xoşbəxt adam var?
Nə üçün biz Eynulla Fətullayevi müdafiə edirik? Günün birində belə bir suala cavab verəcəyimizi zəruri edən şəraitin əmələ gələcəyini düşünmək olardı. Hətta daha artığı da ola bilər! Yəni günün birində haqqı tapdalanan, hüququ pozulan insanları müdafiə etməyin ümumiyyətlə əbləh bir iş olduğunu çəkinmədən elan edənlərin böyük bir dəstəsi də əmələ gələ bilər...
Azərbaycan avtoritarizminin eksperimental zonası olan Naxçıvanda hələ 10 il əvvəl hüquq müdafiəçilərini (Novella Cəfəroğlu və başqalarını) saçlayıb sürükləmişdilər. O zaman Naxçıvanda kimsə qabağa durub “belə etmək olmaz!” deməmişdi. Hamı sifarişin haradan gəldiyini bilirdi və hamı bilirdi ki, bu qadınları müdafiə etmək Naxçıvanda özünə qəbir qazmaq deməkdir.
Indi həmin eksperimentlər bütün Azərbaycanda tətbiq edilməyə başlayıb. Ölkədə siyasi məhbuslar, vicdan məhbusları var, amma onları müdafiə etmək get-gedə çətinləşir. Günün birində siyasi məhbusların adlarını çəkmək belə cinayət kimi təfsir edilə bilər. Nədən də olmasın?!
Biz avtoritarizm qururuq.
Dünyanın bütün avtoritar rejimləri millətpərəstlikdən siyasi yaramazlıqları ört-basdır etmək üçün istifadə edirlər.
***
Nə üçün biz Eynulla Fətullayevi müdafiə edirik? Ona görə ki, Eynulla Fətullayev siyasi məhbusdur, vicdan məhbusudur. Eynulla Fətullayevin yaxşı oğlanmı, pis oğlanmı olması onun bu sosial statusunun tərkib hissəsi deyil. Eynulla Fətullayev Azərbaycanda məhbəsə atılan onlarla siyasi məhbusdan biridir. Yəni demək istəyirəm ki, Azərbaycanda siyasi məhbusların sayı onlarladır, bir deyil, bir neçə nəfər deyil. Yerli hüquq müdafiəçiləri onların sayının 30-50 arasında olduğunu iddia edirlər. Eynulla Fətullayevin yaxşı və ya pis oğlan olması Azərbaycanda onlarla siyasi məhbusun mövcudluğundan daha önəmli faktdırmı?
Məni onun şəxsi keyfiyyətləri maraqlandıra da bilər, maraqlandırmaya da. Mən onunla dost olmaq istəyə bilərəm, ya istəmərəm. Bu, Azərbaycan gerçəkliyi üçün heç bir önəmi olmayan elə-belə şeydir. Amma bu ölkədə Eynulla Fətullayev kimi siyasi dustaqların mövcud olması Azərbaycan sözünü böyük hərflərlə yazıb bu sözün müqəddəsliyinə qısıldığını iddia edən hər bir kəs üçün önəmli fakt olmalıdır. Önündə cəmiyyətə xitab etmək üçün tribunası olan insanlar Azərbaycanın ağır problemlərini sıralamağı da bacarmalıdırlar. Bu problemlərin arasında Eynulla Fətullayevin şəxsi keyfiyyətləri adlı problem yoxdur. Amma bu problemlərin sırasında Eynulla Fətullayevin və daha onlarla insanın siyasi məhbus olması faktı mövcuddur. Azərbaycan insanları siyasi mövqelərinə görə həbsə atan ölkələrin sırasındadır. Azərbaycanda siyasi avtoritarizm mövcuddur. Bu siyasi avtoritarizm ölkənin problemlərinin həqiqi səbəblərini aşkarlayanları heç sevməz. Amma yalançı ümummilli problemlər yaradıb cəmiyyətlə məzələnmək olar, bu, hətta həmin mətbəxdə təqdir olunur.
Mirşahinin Eynulla Fətullayev haqqında verilişinə baxanda mən bu duyğuları acı-acı duydum.
Azərbaycanda azadlıqlar təminatlı deyil
Bütün müqəddəsata and olsun ki, Mirşahinin Anarla Eynulla Fətullayevi qarşı-qarşıya qoyub təhlil etmək istəməsi bir az ədəbi-siyasi priyom üçün lazım olub. Qalan bütün hallarda Anarın böyükmü, balacamı hərflə yazılan vətəndaş olmasının Eynullanın siyasi məhbus həyatına heç bir dəxli yoxdur. Və bu müdaxiləni heç kim görməyib.
Ümumiyyətlə, ənənəvi Azərbaycan ziyalılarının Azərbaycanın ən əhəmiyyətli problemləri ilə bağlı susqunluq şəraitində yaşaması adi haldır. Bu da bir “dinc yanaşı mövcudluq” formasıdır və dünyanın bir sıra başqa ölkələrində müşahidə edilib. O ölkələrdə ki, onlar özlərinin tərəqqisi ilə öyünə bilməzlər.
Mən Anarla Mirşahini, Eynulla ilə Anarı və bu cür başqa modelləri müzakirə mövzusu olaraq təqdim etmədən deyə bilərəm ki, Azərbaycan dünyada “bədbəxt adam”ların sayına görə öndə olan ölkələrdəndir. Cəmi 20 gün bundan əvvəl “Gellup”un sorğusu ilə təsdiq edilmişdi ki, Azərbaycan əhalisinin 64 faizi özünü xoşbəxt saymır. Əgər Mirşahin həmin 64 faizin içindən birini götürüb ona lupa ilə baxırsa və bu adamın bütün dünyada vicdan məhbusu kimi tanınan Eynulla Fətullayev olduğu ortalığa çıxırsa, gör bizim ölkəmizdə nə qədər potensial bədbəxt var.
Əgər Azərbaycanda kimsənin azadlığı təminatlı deyilsə, hər kəs şərti olaraq azaddırsa, onda əlahiddə olaraq kimisə “bədbəxt adam” təqdim etmək nə qədər uğurlu bədii tapıntıdır ki? Mən hörmətli dostum Mirşahinin özünü nə qədər qeyri-şərti azad hiss etdiyini belə bilmirəm.
Bu ölkəni iflic edən yaramazların adını çəkin!
Tamamilə mümkündür ki, Eynulla Fətullayev Azərbaycandakı bədbəxt adamların ümumiləşdirilmiş obrazı kimi təsəvvür edilir. Azərbaycanda özünü xoşbəxt saymayanların əksəriyyət olduğunu qeyd etdim. Məntiqi olaraq, bu, “Azərbaycan da ”bədbəxt ölkə"lərin sırasında yer alır", - deməkdir.
Bizim hamımız bu sualın üzərində baş sındırmalıyıqmı ki, bu ölkə nədən bədbəxt ölkə gününə düşdü. Bütün hirsi-qəzəbi ilə Eynullanı “darmadağın” edən Mirşahin də Azərbaycanın bədbəxt ölkə olduğunu təsdiq edir. O da hirslə vurğulayır ki, Azərbaycanda ictimai etiraz iflic vəziyyətindədir. Iflic xoşbəxtliyin göstəricisi deyil. Iflic yaramaz bir xəstəlikdir. Azərbaycanı kimlər iflic etdi? Mirşahin təsdiq etməlidir ki, Eynulla Fətullayev Azərbaycanı iflic edib. Bunu etməz, çünki o, Eynullanı bir heç sayır. Amma Azərbaycanı iflic edən yaramazların adını çəkmək də bir hünər istəyir. Çünki onlar bir heç deyil. Onlar dəhşətlidirlər. Onlardan bütün cəmiyyət qorxur. Onlardan hamı qorxur. Mirşahin də qorxur.
Amma bu qorxu pərdələnməsi mümkün olan qorxudur. Bir halda ki, onlardan hamı qorxur, onda ayrı-ayrı adamların qorxusu tamamilə başa düşüləndir və bəraət alır.
“Azərbaycan dövləti adından” yaramazlıqları da təfsir edin!
Görəsən, bu bədbəxt ölkədə kimlər xoşbəxtdir? Həmin xoşbəxtlik hansı “...metr”lə ölçülür?
Biz həbsdə olan siyasi məhbusları şəxsi keyfiyyətlərinə görə yenidən ictimai mühakiməyə çıxaracaq qədər xoşbəxtik. Biz onların tamamilə günahsız olaraq həbs edilməsinə ictimai bəraət almaq üçün onlardan hər birində min cür naqisliklərin gizləndiyini də iddia edəcək qədər bəxtəvərik. Haqsız yerə məhbəsə atılan, azadlığı əlindən alınan insanların azadlıq əldə etmək istəklərinə şəbədələr qoşacaq qədər xoşbəxtik.
“...Azərbaycana qarşı”! Bu, dəhşətli ifadədir! Amma kimsə fərqindədirmi ki, yüzlərlə, minlərlə insanı günahsız olaraq həbsxanalara atan saxta məhkəmə qərarlarının hamısı “Azərbaycan dövləti adından” elan edilir? Bax, elə həmin məhkəmə zalında Azərbaycan dövlətinin avtoriteti bu saxta hökmlərə bükülür. Məsələn, indi 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, savadsız, çarəsiz, binəsib qaçqın dəllək Samir Əliyev 92 milyon manatı mənimsəmək üstündə dustaq edilib. O gənc həyatı boyu 9 min manatı belə bir yerdə görməyib. Amma bu saxta hökm ona “Azərbaycan dövləti adından” elan edilib. Azərbaycan dövlətinin başında oturan hökumət həmin dövlətin hörmət-izzətini bu qədər urvatsızlaşdırırsa, buna nə ad vermək olar?
Və xüsusilə zəruri olmayan bir əlavə: indi hətta Azərbaycanda da hamı bilir ki, Avropa Məhkəməsində qəbul edilən işlərin hamısı belə adlar altında qəbul edilir: “Ivan Rusiyaya qarşı”, “Con Britaniyaya qarşı”, “Jak Fransaya qarşı”, “Mehmet Türkiyəyə qarşı”, “Məmməd Azərbaycana qarşı” və sairə...
Amma ən böyük problem ondan ibarətdir ki, Azərbaycanda hökumət Azərbaycan xalqına qarşıdır. Bunu bilməyən bir kəs yoxdur. Amma ürək eləyib deyənlər azdır. Ürək eləyib deyənlər azdır ki, Əliyev rejimi Azərbaycan xalqına qarşıdır. Bunu Mirşahin də demir.
Amma Eynullanın pis oğlan olduğunu sübut etmək qədər asan iş yoxdur, eləmi? Asandır, çünki o, indi özünü müdafiə edəcək qədər azadlıqda da deyil.
Hərf məsələsi
“Azadlıq” qəzeti Eynulla Fətullayevi və ölkədə siyasi məhbus həyatı yaşamağa məcbur edilən hər bir kəsi müdafiə edir. Bu, Azərbaycan naminə gərəkdir. Azərbaycanın siyasi cəngəlliyə çevrilməsinə qarşı olan bütün azad şüurlu vətəndaşlar ölkədə siyasi məhbusların mövcudluğunu rüsvayçılıq sayırlar. Bu eybəcərliyə qarşı çıxmaq üçün vətəndaş özünün tarixə böyük, ya balaca hərflə düşəcəyi barədə düşünmür. Mən istəməzdim ki, Anarın və ya tarixə hansı hərflə yazılacağı kimi narahatçılıqları olan başqalarının müdafiəçilər dəstəsinin yaranmasına ehtiyac olsun. Mən istəməzdim ki, bu ölkədə siyasi məhbusların müdafiəçiləri olsun. Amma bu istəyin gerçək olması üçün siyasi məhbusların olmaması gərəkir. Tarixə adının hansı hərflərlə yazılacağından əndişələnən adamlar da bir başqa problemdir...
Lənətə gələsən!
Hamı Azərbaycanda ictimai etiraz mexanizminin olmamasından əziyyət çəkir. Amma ən ciddi söhbət bu ictimai etiraz mexanizmini yaratmaq zərurətindən getməlidir. Tarixə böyük hərflə düşmək istəyənlər bunu balaca iş sayırlar və özlərinə yaraşdırmırlar.
Bu gün kursivlə fərqlənmək istəyənlər də aradan çıxmağa meyllidirlər.
Amma bu mexanizmi kimlərsə yaratmalıdır axı!..
Millətpərəstlik dünyanın bütün avtoritar rejimlərinə siyasi yaramazlıqları ört-basdır etmək üçün gərək olur...
By Qənimət Zahid



del.icio.us
Digg
Facebook
Technorati